TUS İmtahanı

Azərbaycan Tibb Universitetinin məzunları həkimlik  ixtisasına  yiyələnmək üçün təhsillərini uzun müddət davam etdirməli olurlar. Onların bir qismi ölkədə rezidentura üçün imtahan versə də, digərləri təhsilini ölkə xaricində davam etdirməyə çalışırlar.

Öncə qeyd edək ki, “uzman-həkim” adını almaq üçün STS, TIPDİL, TUS və s. imtahanlardan ibarət uzun yol qət etmək lazımdır. Bu imtahanlara isə yalnız tibb üzrə bakalavr  təhsilini başa vuranlar müraciət edə bilərlər. Bakalavr pilləsini  hətta Oksford və ya Stenford kimi məşhur dünya  universitetlərində oxusan da belə,   yenə də Türkiyədə “uzmanlıq” təhsili almaq istəyən hər kəs üçün STS imtahanları  mütləqdir.

Bu uzun yol üçün haradan başlamalı?

TUS və STS imtahan nəticələrinin təsdiqi üçün sənədlərin YÖK-ə təqdim edilməsi şərtdir. Tələb olunan sənədlər diplom, xarici pasport, attestat və ortalama qiymət vərəqəsidir. Bu sənədlər müvafiq qurumlar tərəfindən təsdiq olunduqdan sonra YÖK-ə təqdim edilməlidir. YÖK təqdim olunan sənədləri yoxlayıb araşdırma apardıqdan sonra, rəsmi təsdiq məktbunu qeyd olunan ünvana göndərir.

İlk imtahan-STS

STS (Seviyye Tespit Sınavı) tibb təhsilli şəxslərin diplomlarının TUS imtahanında iştirak etmək üçün təsdiqi məqsədi ilə keçirilir. STS imtahanları hər il Ankarada, fevral və avqust aylarında baş tutur. İmtahandan əvvəl qeydiyyatın aparılması mütləqdir. İmtahan qeydiyyatı “YU“ nömrəsi vasitəsi ilə aparılır.

Bütün imtahanlar üçün önəmli olan şifrə – “YU” nömrəsi

YU nömrəsi Türkiyədə uzmanlıq təhsili almaq istəyənlərin iş nömrəsidir. Bu, STS, TUS, YDS və TIPDİL kimi imtahanlarda iştirak etmək üçün mütləqdir.

Həm ilkin müraciət, həm də imtahan nəticəsini bilmək üçün  bu şifrə mütləqdir və onu itirmək olmaz. İtirilən zaman yeni YU nömrəsi alınsa da, əvvəlki nömrədə olan imtahan nəticəsi yeniyə köçürülmür.

İmtahana qeydiyyat tarixləri və rüsumunu ÖSYM açıqlayır. STS imtahanında kliniki fənlərdən test tapşırıqları təqdim olunur. İmtahan 2,5 saat davam edir. 120 sualdan ibarət imtahanda 40-dan çox bal nəticənin uğurlu olmasına əsas verir. İmtahan qaydalarına əsasən 4 yanlış 1 doğru cavabı silir.

İmtahan zamanı Daxili  xəstəliklər fənnindən 42, Pediatriyadan 30, Cərrahiyyədən 36, Mamalıq və ginekologiya fənnindən isə 12 sual təqdim olunur.

STS nəticəsinin təsdiq olunması üçün imtahandan əvvəl və ya sonra sənədlərin YÖK-ə təqdim olunması mütləqdir.

Qeyd edək ki, builki STS imtahanlarında namizədlər sualların hədsiz uzunluğu və vaxt məhdudiyyətindən şikayətçi idilər.

İkinci baryer

Növbəti imtahan Tıpdil  imtahanıdır. O, ingilis və digər dillərdə keçirilən, TUS-a qəbul üçün tələb edilən dil imtahanıdır. Burada namizədlər tibbi ingiliscədən imtahan olunurlar.  İmtahan ildə 2 dəfə İstanbul və Ankarada keçirilir. Burada da imtahandan öncə qeydiyyat mütləqdir. İmtahana qeydiyyat üçün YU nömrəsinə olmalı, daha sonra Ankara Universiteti imtahan mərkəzində hesab açılmalıdır. Qeydiyyatı tarixi və rüsumu Ankara Universiteti açıqlayır.

80 sualdan ibarət olan imtahan ümumilikdə 100 balla dəyərləndirilir. 40 sualı düzgün cavablayaraq 50 bal toplayan namizəd imtahanı keçmiş olur. TIPDİL imtahanının nəticəsi 5 il qüvvədə olur. İmtahan müddəti 2 saat yarımdır. Tıp dil imtahanı STS-dən əvvəl də, sonra da verilə bilər. Nəticənin keçərlilik müddəti 5 ildir. Tıp Dil imtahanına alternativlər isə  YDS və YÖK Dil imtahanlarıdır.

Növbəti mərhələ-Türkiyə klinikaları

STS-də uğur qazanan tələbə TUS imtahanında iştirak etmək üçün 6-9 ay müddətində Türkiyədə təcrübədə olmalıdır. Xəstəxananın seçimi isə həkimin özü  tərəfindən aparılır və ərizə şəklində YÖK-ə təqdim olunur.

Əvvəl bu təcrübə tam ödənişsiz olsa da, artıq uzman həkim olmaq istəyənlər təcrübə keçmək üçün xəstəxanadan asılı olaraq aylıq müəyyən miqdarda pul ödəməlidirlər. Bu ödənişin miqdarını isə klinika özü təyin edir. Mərkəzdə yerləşən məşhur klinikaların ödənişi də “adına layiq” olur.

TUS (Tıpda Uzmanlık Sınavı) Türkiyədə tibbi uzmanlıq dərəcəsini almaq üçün keçirilən imtahandır. Sənədləşmə prosesi, STS, Tıp dil (YÖK DİL və ya YDS), təcrübə mərhələlərini uğurla keçən həkim bu imtahanda iştirak hüququ qazanır. İmtahan ildə 2 dəfə, fevral və avqustda keçirilir. TUS imtahanda ilk dəfə iştirak edəcək həkimlər üçün yalnız Ankara, təkrar iştirak edənlər üçün isə İstanbul, Ankara, İzmir şəhərlərində baş tutur.

Digərlərində olduğu kimi, TUS-da da imtahandan əvvəl qeydiyyatın aparılması mütləqdir. İmtahan qeydiyyatı “YU“ nömrəsi vasitəsi ilə aparılır. Qeydiyyatı tarixləri və rüsumunu isə bu dəfə ÖSYM açıqlayır. TUS 2 mərhələdən ibarətdir. I mərhələdə təməl, II-də isə klinik fənlərdən test tapşırıqları təqdim olunur. Hər iki mərhələ üçün ayrı-ayrılıqda 2 saat yarım vaxt verilir. İmtahan 120-i təməl,120-i isə  kliniki olmaqla, 240 sualdan ibarətdir. Sualların bölgüsü belədir:

Kliniki fənlər

  • Daxili xəstəliklər-42 sual
  • Pediatriya-30 sual
  • Cərrahiyyə– 36 sual
  • Mamalıq və ginekologiya– 12 sual
  • Təməl fənlər
  • Anatomiya – 14 sual
  • Histologiya və Embriologiya – 8 sual
  • Fiziologiya – 10 sual
  • Biyokimya – 22 sual
  • Mikrobiyoloji – 22 sual
  • Patalogiya– 22 sual
  • Farmakologiya – 22 sual

Şərh Yazın